• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2457
— 12.03.2019 19:07

Gəncədə qarışıq döyüş növləri üzrə master-klass keçirilib

KepezTV Player

Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının Gəncə filialı tərəfindən idmançılar üçün master-klass və seminar keçirilib. Ustad dərsləri bu idman növləri üzrə tanınmış idmançı Hacımurad Purtiyev tərəfindən aparılıb.

Son dövrlər şərq əlbəyaxa döyüş növləri ilə müqayisə də gənclərin müasir qarışıq döyüş növlərinə marağı daha çox artıb. Müxtəlif idman klublarının tərkibində belə döyüş sənətlərinə yiyələnmək istəyənlər üçün məşq bölmələri fəaliyyət göstərir. Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının Gəncə filialında gənc mütəxəssislər Səbuhi Məmmədovla Cavidan Cəfərov bu idman növləri üzrə məşqlər keçir. Hacımurad Purtiyevinin Nizami yurduna dəvəti də yerli idmançıların bilik və bacarığının artırılması, qeyd olunan döyüş sənətlərinin inkişafına dəstək vermək məqsədilə reallaşıb. 

İdman ustası dərəcəsi olan Hacımurad Purtiyev qreppling üzrə dəfələrlə respublika çempionu, dünya və Avropa çempionatının, dünya kubokunun, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Peşəkarlar arasında reytinq döyüşlərində dəfələrlə qələbə qazanıb. Purtiyev illərlə yığdığı təcrübəni yeniyetmə və gənclərlə bölüşərək fəndlərin dəqiq yerinə yetirilməsi  üçün məsləhətlərini verib. İdmançılar da onun hərəkətlərini təkrarlayaraq, göstərilən fəndləri mənimsəməyə çalışıblar.  

Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının Gəncə filialı 2013-cü ildən fəaliyyət göstərir. Bölmədə 30-a yaxın idmançı məşğul olur. Gəncəli döyüşçüləri qarşıda aprel ayında republika çempionatı gözləyir.

Azad Rəfi