• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 06.03.2019 18:40

Yataqxana yandı: 2 ölü, 6 yaralı

KepezTV Player

Hadisə Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında, Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzildə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, habelə təcili yardım maşınları cəlb edilib. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dünyasını dəyişənlər Surxay Əliyev və həyat yoldaşı Elza Əliyevadır. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər. Tüstüdən boğulmuş 14 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Zəhərlənənlərdən 9-u ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak ediblər. Sakinlərlə görüş zamanı Əli Əhmədov onlara lazımi köməklik göstəriləcəyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də vurğulayıb ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaqlar.

Yanğının səbəblərinin araşdırılmasına başlanılıb. Bina sakinləri hadisəni elektrik naqillərinin həddindən artıq yüklənməsi ilə əlaqələndirirlər.

Yanğın baş verən yataqxana Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansındadır. Burada hazırda Ağdam rayon məcburi köçkünləri məskunlaşıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar araşdırma aparır.