• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1089
— 06.03.2019 10:02

Qatlana bilən Huawei Mate X təqdim olundu

Huawei şirkəti özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-i təqdim edib. Sözügedən smartfon bir tərəfə əyilən böyük ölçülü ekran ilə təchiz olunub. Bu səbəbdən istifadəçi həm smartfona həm də planşetə sahib olur. Mate X həmçinin müasir texniki göstəriciləri və 5Gşəbəkəsi dəstəyini də əldə edib. Aparat hazırda smartfon bazarında məlumatların ötürülməsi üzrə ən sürətli 5G smartfondur. Tam açıq əkildə Huawei Mate X modeli kiçik planşet kimi çıxış edir. Tam açıq şəkildə o, maksimal dərəcədə nazik çərçivələr ilə əhatə olunmuş 2480x2200 piksel keyfiyyətli 8 düym AMOLED ekrana çevrilir. Smartfonu qatlayan zaman isə o, 2480x1148 piksel keyfiyyətli və ya 2480x892 piksel keyfiyyətli 6.38 düym ekrana malikdir. Mate X smartfonunu hər bir vəziyyətdə işlətmək mümkündür. Smartfonun əsas özəlliyi isə onun bir ədəd ekranla təmin olunmasıdır. Qatlanmış vəziyyətdə həmin ekranın yarı hissəsi arxa paneldə qalır. İstifadəçi smartfonun həm arxa panelində həm də ön panelində ekrandan istifadə edə bilər. Ən əsası isə odur ki, qatlanmış formada hər iki tərəf bir-birinə sıx şəkildə yapışır. Yəni hər iki hissə arasında nəzərə çarpacaq aralıq hissə qalmır. Tam açıq formada smartfonun qalınlığı 5.4 mm, qapalı formada isə 11 mm təşkil edir. Smartfonun kənarı bir qədər qalınlaşdırılmış xüsusi hissədən ibarətdir. Belə ki, cihazın bütün teniki təchizatı məhz həmin hissədə yerləşir. İlk baxışdan həmin hissə smartfonun stilus yerini xatırladır. Lakin bu belə deyil. Həmin hissədə həmçinin smartfonun Leica markalı üçlü kamerası da yerləşir. Əsas texniki göstəricilərə gəldikdə isə Mate X modeli 8 nüvəli Kirin 980 porsessoru, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi, Balong 5000 5G modemi və ümumi 4500 mAs enerji tutumlu 2 ədəd batareya ilə təchiz olunub. Smartfon həmçinin dünyanın ən sürətli enerji yığma texnologiyasına yiyələnib. Çünki batareyaların əldə etdikləri enerji gücü 55 vattdır. Bununla da Mate X smartfonu 85% enerjini 30 dəqiqə ərzində yığır. Şirkətin verdiyi məlumata əsasən Mate X dünyanın ən sürətli 5G smartfon modelidir. Smartfonun maksimal yükləmə sürəti saniyədə 4.6 Gbit-dir. Yəni nəzəri cəhətdən smartfon 1 GB-lıq videonu 3 saniyəyə yükləməlidir.

Smartfonun həmçinin 2 SIM kart girişi var. Onlardan hər ikisi də nano formatlı SIM kartı dəstəkləyir. İstifadəçi bir girişə nano formatlı SIM kart, digərinə isə ikinci nano SIM kartı və ya nanoSD formatlı yaddaş kartını yerləşdirə bilər. Girişlərdən yalnız birinə yerləşdirilmiş nano formatlı SIM kart vasitəsilə 5G şəbəkəsində çalışmaq olar. Smartfonnun barmaq izi skanı texnologiyası onun kənarında yerləşdirilmiş yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun aşağı hissəsində USB Type-C girişi yerləşdirilib. Huawei Mate X smartfonu bu ilin ikinci yarısında 2299 avro dəyərində satışa çıxacaq.