• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 06.03.2019 10:01

ABŞ kosmosda bir "ilk" etdi

Falcon 9 daşıyıcı raketi vasitəsilə kosmosa çıxarılmış Crew Dragon kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib. Crew Dragon gəmisi amerikalı milyarder İlon Maskın SpaceX korporasiyasının məhsuludur. Kosmosun tədqiqatında yeni addım olan bu olay ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytında translyasiya olunub. Crew Dragon bir neçə saat manevr edəndən sonra BKS-ə birləşib. Gəmidə astronavt əvəzinə kapsulun daxilində baş verənləri qeydə alan cihazlarla təchiz olunmuş, skafandr geydirilmiş maneken olub. Bu maneken Alien filminin qəhrəmanı olan Ellen Riplinin şərəfinə Ripli adlandırılıb. Kapsulda BKS-dəki astronavtlar üçün 180 kq yük və avadanlıq da olub. SpaceX korporasiyasının NASA-nın sifarişi ilə Commercial Crew Development proqramı çərçivəsində hazırladığı Crew Dragon 2011-ci ildə Space Shuttle proqramı başa çatandan sonra ABŞ-ın reallaşdırdığı ilk pilotlu kosmik gəmidir. Crew Dragon, habelə Boeing korporasiyasının ərsəyə gətirməkdə olduğu və apreldə ilk uçuşunu gerçəkləşdirəcək CTS-100 Starliner gəmisi son 8 ildə BKS-ə astronavtları daşıyan, Rusiyaya məxsus Soyuz kosmik gəmilərinin inhisarına son qoyacaq. ABŞ-ın yeni kosmik gəmiləri Soyuzda olduğu kimi 3 yox, 7 astronavt üçün hesablanıb. Crew Dragon martın 8-də Yerə qayıtmalı, Florida yaxınlığında Atlantik okeanına paraşütlər vasitəsilə enməlidir. Crew Dragon vasitəsilə iyul ayında BKS-ə iki astronavtın uçuşu nəzərdə tutulub. CTS-100 Starliner-in analoji buraxılışı avqustda baş tuta bilər.