• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 28.02.2019 16:41

Şüa Hüseynovun 80 illik yubileyi qeyd olunub

KepezTV Player

Azərbaycan Ağır Atletika Federasiyasının fəxri prezidenti Şüa Hüseynovun 80 yaşı tamam olub. Azərbaycanda bu idman növünün inkişafında xüsusi əməyi olan yubilyarın böyük nailiyyətlərə gedən yolu Gəncədə başlayıb.  

Mütəxəssis kimi 1955-ci ildən əmək fəaliyyətinə start verən Şüa Hüseynov 100-lərlə istedadlı atlet hazırlayıb. Beynəlxalq dərəcəli hakim adını daşıyan  Hüseynov 30 il ərzində bir çox beynəlxalq, Avropa və dünya birinciliyi yarışlarında ədaləti qoruyub. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında hakimlik edərək xüsusi mükafat alıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Ağır atletika və boks” kafedrasının müdiri vəzifəsində çalışıb.

1995-ci ilə kimi Respublika Ağır Atletika Federasiyasının prezidenti kimi fəaliyyət göstərib, Onun qurumun rəhbəri olduğu müddətdə ağır atletlərimiz müxtəlif miqyaslı yarışlarda - SSRİ, Avropa və dünya çempionatlarında yüksək nəticələr göstəriblər.

Şüa Hüseynovun 80 illik yubileyinə Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən qeyd olunub. Tədbirdə təcrübəli mütəxəssisin həyat yoluna nəzər salınıb, ağırlıqqaldırmanın keçdiyini inkişaf yolu, dünəni və bu günündən danışılıb. Ona federasiyanın hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Ölkəmizdə idmanın inkişafında və pedaqoji kadrların hazırlanmasında xüsusi nailiyyətlərinə görə, Şüa Hüseynova Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adı verilib,  “Tərəqqi” medalı ilə təltif olunub. Əməkdar müəllim fəxri adını daşıyan professor yubilyar 50-dən çox elmi əsərin müəllifidir.

Azad Rəfi