Futbol üzrə I Divizionda 16-cı turun oyunları keçirilib. Hesabat turu çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda Zaqatalanın eyniadlı təmsilçisini qəbul edib.
İlk dövrədə bu komandalar arasında keçirilən oyun qolsuz bərabərliklə nəticələnib. Qış fasiləsindən sonra keçirdiyi görüşlərdə uğur qazanan bilməyən “sarı-göylər” ev matçında nəhayət ki, hesabına xal yazmağı qarşıya əsas məqsəd kimi qoyub. Amma oyunun startı onlar üçün yaxşı başlamayıb. Belə ki, artıq 12-ci dəqiqədə qonaqlar hesabı öz xeyrinə dəyişib. Kamal Dənziyev “Kəpəz”in qapısına yol tapan futbolçu olub. Amma buraxilan qol meydan sahiblərinin mübarizə əzmini qırmayıb. Əksinə, daha böyük qüvvə ilə irəli atılan Etibar İbrahimovun yetirmələri ilk yarımsaatın tamamına az qalmış hesabı bərabərləşdiriblər. Eltac Mirzəyev qarşılaşmada status-kvo yaradıb. Fasilədən sonra “Kəpəz” daha bir neçə epizodda qol vurmağa yaxın olub. Lakin son zərbələrdə dəqiqlik çatmayıb. Oyunun sonları yaxınlaşdıqca qələbə qazanmaq istəyinə həddindən artıq aludə olan gəncəlilər hətta müdafiə olunmağı unudublar və Zaqatala futbolçuları 85-ci dəqiqədə “Kəpəz”in arxa xəttdəki səhvini bağışlamayıblar. Fuad Bayramov fərqlənməklə komandasıni yenidən hesabda önə çıxarıb. Əsas vaxta artırılmış dəqiqələrdə sarı-göylər əzmkarlıq göstərib bir daha hesabı bərabərləşdirməyə yaxın olublar. Amma Elcan Rəhimov yaxın məsafədən toru deyil dirəyi nişan alaraq hamını məyus edib. Bununla da, “Zaqatala” Gəncəni 2:1 hesablı qələbə ilə tərk edib.
Orxan Cəfərzadə
- Baxış: 690