• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 15.02.2019 14:57

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncəyə səfər edib

KepezTV Player

“Gözəl qədim Gəncə şəhərindən unudulmaz təəssuratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nizami yurduna səfərinin təsuratları belə olub.

Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncəyə səfəri şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdikdən sonra Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb. Beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin dəfn olunduğu Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” dini kompleksi ziyarət edildikdən sonra Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib. Birinci vitse-prezident burada ziyarətə gələnlərlə görüşüb. “İmamzadə” kompleksində Mehriban Əliyevanın adından ehsan süfrəsi verilib. 18 nömrəli tam orta məktəbdə olan Mehriban Əliyevaya təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyacı olduğu bildirilib. Birinci vitse-prezident məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verib. Mehriban Əliyeva şagirdlərlə söhbət edib.

32 saylı körpələr evi-uşaq bağçasının da əsaslı təmirə ehtiyac olduğu barədə Mehriban Əliyevaya məlumat verilib. Birinci vitse-prezident bağçanın yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Mehriban Əliyeva və Leyla Əliyeva Gəncədəki uşaq evindəki şəraitlə tanış olaraq, müəssisənin azyaşlı sakinləri ilə görüşüblər.

Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan ev-muzeyi ilə də tanışlıq olub. 300-dən artıq eksponatı olan muzeyedə ədibin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla öz əksini tapıb. Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkına gələn Mehriban Əliyeva və Leyla Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncəyə səfəri zamanı ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib. Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!”