Ənənəvi olaraq düzənlənən yarış gündoğar ölkənin səfirliyinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbində təmir etdirdiyi zalda təşkil olunub. Birincilikdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, şəhər rəhbərliyi və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Uşaq və yeniyetmələr arasında keçirilən yarışda 6 çəki dərəcəsi üzrə 20 oğlan və qız cüdoçu medallar uğrunda qüvvəsini sınayıb. Birinciliyin yekunlarına əsasən qalib gələn idmançılar səfirliyin xüsusi fəxri fərmanı ilə təltif ediliblər.
Teruyuki Katori Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri: “Azərbaycanda cüdonun tarixi ənənələri var. Hələ sovet dövründən bu idman növü üzrə bir sıra yarışlarda medal qazanan idmançılar olub. Cüdoçunun inkişaf etdiyi bir ölkədə belə yarışları keçirdiyimiz üçün çox şadam. Ötən ilin sentyabrında Bakıda təşkil edilən cüdo üzrə dünya çempionatını izləyənlər sırasında idim. Həmin yarışda Hidayət Heydərov yaponiyalı idmançıya uduzsa da, onun perspektivi məni heyran etdi. İnanıram ki, bu yarışda iştirak edən yeniyetmələr arasından da Heydərov kimi bacarıqlı cüdoçular çıxacaq”.
Orxan Cəfərzadə
- Baxış: 621