Sabah Bolqarıstanın paytaxtı Sofiyada kişi boksçular arasında ənənəvi beynəlxalq "Strandja" turniri start götürəcək. Yarışa Azərbaycan millisi də qatılacaq. 7 gün davam edəcək turnirdə komandamız baş məşqçi Vaqif Şirinovun rəhbərliyi altında 10 çəkidə eyni sayda dəri əlcək ustası ilə təmsil olunacaq. Heyətdə iki gəncəli boksçu da var. Millinin tərkibində 49 kq-da Rüfət Hüseynov və 64 kq çəki dərəcəsində Elvin İsayev yer alıb. Bir neçə dəfə bu yarışın iştirakçısı olan İsayev 2015-ci ildə turnirin qalibi adını qazanıb. Bu baxımdan Nizami yurdunun yetirməsi analoji uğurunu təkrarlamaq üçün Bolqarıstana yollanıb. Elvinin komanda yoldaşı Rüfət Hüseynov isə bu il 70-ci dəfə təşkil olunacaq yarışa heç vaxt qatılmayıb. Ancaq Rüfətin yeniyetmələr arasında olimpiya çempionu olması medal qazanması üçün ümidləri artırır. Millinin hər iki üzvü bu turnirə hazırlığın əsas hissəsini ötən ay Göygöldə keçib.
Orxan Cəfərzadə
- Baxış: 525