• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2144
— 09.02.2019 13:45

Şəmkirdə məktəblilər xalçaçılığı yaşadırlar

KepezTV Player

Qədim tarixə malik xalçaçılıq sənəti böyük zəhmət, dəqiqlik, yüksək zövq və səbr  tələb edir. Son illər ölkədə bu sənətin inkişafına xüsusi diqqət yetirilir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və onun fəaliyyətinin ilbəil genişləndirilməsi bu sahəyə marağı artırıb. Şəmkirin Ağlavaşlı kənd tam orta məktəbində yaradılan xalçaçılıq dərnəyi də gələcək üçün peşəkar kadr hazırlanmasına hesablanıb.

Ziyafət Məmmədova şagird: “Biz hər gün məktəbdən sonra dərnəyə gəlirik. Bu işlə çox həvəslə məşğul oluruq. Demək olar ki, bu bir dərsimiz kimi yaddaşımıza həkk olunub. Biz istəyirik ki, gələcəkdə xalça toxuyaq. Bizim kəndimizin adı xalçaçılıqda məşhur olsun”.

Şəmkirin Ağlavaşlı kənd tam orta məktəbində xalçaçılığın sirrlərini öyrənməyə həvəsli şagirdlərin sayı çoxdur. Artıq ilk əl işlərini hazırlayanlar da var.

Aytac Quliyeva şagird: “Bir az çətindi. Amma müəllimimiz böyük həvəslə bizi öyrədir. Dərsdən sonra bu işlə məşğul oluruq. Hələ ilk əl işimizdi ona görə bir az bizə çətin gəlir”.

Pakizə Yusibova şagird: Birinci əl işimiz olaraq biz bayrağımızı toxuyuruq. Bu bayrağı toxuyandan sonra məktəbdə sərgi kimi nümayiş etdirəcəyik.

Dərnəy xalçaçılığın inkişafına və bu milli sərvətin yaşadılmasına xidmət edir. Toxuma üçün olan xanalar da müəllimlər və valideynlər tərəfindən hazırlanıb.

Marifə Qasımova Ağlavaşlı kənd tam orta məktəbinin direktoru: Məktəbi bitirən bütün uşaqlar ali məktəbə daxil olmur. Yerdə qalan əmək qabiliyyətli uşaqlar xalçaçılıqla məşğul ola bilərlər. Hələ bizim kəndimizdə cavan gəlinlərdə var  onların məqsədi burada gəlib xalçaçılığı öyrənməkdir. Biz məmuniyyətlə həmin vətəndaşları qəbul edib öyrədirik.

Şəmkirdə fəaliyyət göstərən gənclər birliklərinin üzvləri vaxtaşırı Ağlavaşlı məkətbində olaraq xalçaçı qızların işləri ilə yaxından tanış olurlar. Bu kimi dərnəklərin rayonun bir sıra məktəbində də yaradılması gündəmdədir.  

Natiq Hüseyn