• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 07.02.2019 17:01

Şəmkirdə bağça qarət olunub

KepezTV Player

Sərxoş kişi gecə saatlarında bağçadan oğurluq edib. Tərbiyə müəssisəsinin kompüter dəstini və digər qiymətli əşyalarını aparması azmış kimi körpələrin azuqəsi ilə içki də qəbul edib. Şəmkirdə baş verən cinayət hadisəsinin üstü “isti izlərlə” açılıb.

Qarət edilən körpələr evi-uşaq bağçası rayonun Aşağı Seyfəli kəndində yerləşir. Gecə saatlarında qapını sındırıb içəri daxil olan şəxs əvvəlcə mətbəxtdən qab-qacaq, sonra isə bağça müdirinin otağından kompüter dəstini və digər qiymətli əşyaları oğurlayıb. “Qəhrəman” körpələrin yataq otağını da altı-üst edib.

Sənan Hüseynov gözətçi: “Kompyuter qazan DVD əlinə keçib nə aparıblar. İçəridə öz evləri kimi hərəkət ediblər. Siqaret çəkiblər içki içiblər. İçib dağıdıblar. Ütü aparıblar”.

Hadisədən sonra tərbiyə müəssisəsinin rəhbərliyi Şəmkir polisini məlumatlandırıb. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb, asayış keşikçiləri bağçanın Aşağı Seyfəli kənd sakini 34 yaşlı Mahir Qurbanov tərəfindən qarət olunduğunu müəyyən ediblər.

Füzuli Sadıqov müstəntiq: “Dərhal Əməliyyat istintaq qrupu hadisə yerinə yollandı. Həqiqətəndə sözügedən ünvanda oğurluq cinayətinin törədildiyi müəyən edilib. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluğun 1985 ci il təvəllüdlü Aşağı Seyfəli kənd sakini Qurbanov Mahir İbrahim oğlu tərəfindən törədilməsi müəyən edilib. O yaşadığı ünvanda saxlanılan zaman oğurladığı əşyalarda həmin ünvandan aşkarlanıb”.

Qurbanovun oğurladığı əşyalar yaşadığı ünvandan aşkarlanaraq maddi sübut kimi götürülüb. O, ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşmanlıq keçirdiyini deyib.

Mahir Qurbanov saxlanılan şəxs: “Gecə idi bağçanın yanından keçirdim. Özümdə içkili idim. Girdim bir kompyuter götürdüm. Birdə başqa şeylər var idi onlarıda götürüb evə apardım. Evdədə hamısını zirzəmiyə yığmışdım”.

Sonrakı peşmançılıq fayda verməz deyiblər. İstintaqın yekununda tərbiyə müəssisənin əmlakına göz dikən şəxsin əməlinə hüquqi qiymət veriləcək.

Natiq Hüseyn