• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 02.02.2019 15:32

Göygöl Qazax və Samuxda Gənclər günü qeyd olunub

KepezTV Player

Azərbaycan əhalisinin 60 faizindən çoxunu təşkil edən gənclər 2 fevral gününü qeyd edirlər. Qərb bölgəsində keçirilən tədbirlərdə qazanılan nailiyyətlər gənc nəslin inkişafına dövlətin diqqət və qayğısının nəticəsi kimi qiymətləndirilib.

Göygöl rayonunda keçirilən tədbirdə gənclərin idman, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə qazandıqları uğurlardan danışılıb. Ötən il Göygöllü gənclərin müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda 12 qızıl, 12 gümüş və 8 bürünc medal qazandığı, rayonda dövlət gənclər siyasətinin davam etdirilməsi məqsədi ilə 42 tədbirin reallaşdığı vurğulaıb. Hazırda rayonda 16 min gəncdən 200-dən çoxunun dövlət qulluğunda çalışdığı, 10-a yaxın gəncin rəhbər vəzifəyə  təyinat aldığı qeyd edilib. Gənclərin ictimai-siyasi və sosial-iqtisadi həyatda rolu dəyərləndirilib, fəal gənclərin bir qrupuna rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Qazaxda keçirilən analoji tədbirdə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın gənclərin ictimai fəallığının artmasında, dövlət idarəçiliyində aparıcı qüvvəyə çevrilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Ötən il rayon idmançıları beynəlxalq arenada 49, respublika miqyaslı yarışlarda isə 146 medal qazanıb. Gənclər, Olimpiya idman Kompleksi və “Gənclər Evi”nin imkanlarından səmərəli şəkildə istifadə edir. Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə rayon rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər və idman siyasətindən Samuxda da danışılıb. Rayonda 1000-ə yaxın gəncin müətmadi olaraq idmanla məşğul olduğu və naliyyətlərin ilbəil artdığı diqqətə çatdırılıb. Ötən il gənclərin iştirakı ilə müxtəlif mövzularda elmi-praktik konfranslar, rəsm sərgiləri, idman yarışları, kitab günləri təşkil edilib. Gənclər üçün prespektiv planlar barədə də məlumat verilib, rayonda Gənclər Mərkəzinin və Olimpiya İdman Kompleksinin inşasına başlanacağı  vurğulanıb. Tədbirdə fəal gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları  və hədiyyələri təqdim olunub. Rəsmi hissədən sonra tədbir Sərkar Uşaq Musiqi Məkətbinin hazırladığı bayram konserti ilə davam etdirilib.

Natiq Hüseyn