Gəncə Olimpiya İdman Klubunun karateçiləri Bakıda keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıblar. Klubun üzvləri yarışın müxtəlif əyarlı 4 medalını qazanıblar.
Ənənəvi açıq turnir uşaq, yeniyetmə və gənclər arasında təşkil olunub. Yarışda 11 ölkədən idmançılar kumite və kata birinciliyində qüvvəsini sınayıb. Nizami yurdunun döyüşçüləri kumite növündə 2 qızıl, 1 gümüş və 1 bürünc mükafata layiq görülüblər.
Gəncə karateçilərinin aktivinə turnirin baş mükafatları gənclərdə iştirak edən Ayxan Abbasovla, yeniyetmələr arasında mübarizə aparan Fərid Savadovun sayəsində yazılıb. Onların hər ikisi bütün döyüşlərini qələbə ilə başa vurub.
Klubun daha iki yetirməsi uşaqların yarışında fərqlənib. Fidan Şahnəzərli 2-ci, Ayxan Şahnəzərli isə 3-cü yeri tutub.
Gəncə idmançıları qarşıdakı aylarda İranda Master Cupda, Türkiyədə Boğaziçi turnirində və Kiprdə beynəlxalq yarışda iştirak edəcəklər.
Azad Rəfi
- Baxış: 587