• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 29.01.2019 16:14

Kişi boksçulardan ibarət Azərbaycan yığması yeni ilin ilk təlim-məşq toplanışını başa vurub

KepezTV Player

Komanda 21 gün ərzində Göygöl rayonunda qarşıdan gələn yarışlara hazırlaşıb. Yığma yanvarın 7-dən 27-dək yerli Olimpiya İdman Kompleksində toplanışda olub. Məşq prosesində millinin baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında 26 boksçu iştirak edib. Toplanışda əsas məqsəd funksional hazırlığa yönəlib. Əsasən fiziki yöndə məşq edən dəri əlcək ustaları, taktika və texniki çalışmalar üzərində də işləyib. Millimiz səhər, günorta və axşam olmaqla gündə 3 dəfə məşq edib.

Təlim-məşq toplanışında millinin heyətində aparıcı boksçularla yanaşı, gənclərə də üstünlük verilməsi yaxın gələcəkdəki yarışlarda yeni simaların olacağından xəbər verir. 

Böyüklərdən ibarət Azərbaycan millisinin ilk dəfə hazırlıq keçdiyi Göygöl Olimpiya İdman Kompleksindəki toplanış fevralda Rusiyada keçiriləcək beynəlxalq sparinq görüşlərə və Bolqarıstanda reallaşacaq A kateqoriyalı turnirə hazırlıq xarakteri daşıyıb. Qısa istirahətin ardından yığma üzvləri Bakıda məşqlərə start verəcəklər.

Orxan Cəfərzadə