• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 14.01.2019 20:23

Vurduğu piyadanı yol kənarına ataraq qaçan sürücü saxlanıldı

KepezTV Player

Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib.

Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra vurduğu piyadanı maşından düşürüb. Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Zərərçəkənin yaxınları Sabunçu Rayon Polis İdarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İntiqam Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır. İstintaq zamanı müəyyən olunub ki, Eldar Əliyev bir neçə il əvvəl də piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədib.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.