Karyerasını Ukraynada davam etdirən basketbolçu Amil Həmzəyev şərəfini qorudugu “Kremen” klubundan ayrıla bilər. Çempionatda yaranan fasilə dövründə Gəncədə olan Həmzəyev televiziyamıza açıqlamasında bunun səbəbini açıqlayıb.
29 yaşlı basketbolçunu Kremençukda narazı salan məqam komandanın əvvəlki iddiasından uzaq düşməsidir. 2 il öncəyə kimi Super Liqada çıxış edən klub indi aşağı dəstədə mübarizə aparır. Turnir cədvəlində autsayderlər mövqeyində qərarlaşan kollektivin pley-offa vəsiqə qazanması çətin görünür. Bu isə “Kremen”in daha bir mövsüm elitadan kənar qalacağı deməkdir. Yenidən yüksək səviyyəli yarışda oynamaq istəyən Amil Həmzəyev isə bununla barışmır.
Amil Həmzəyev basketbolçu: “Komandada bir-iki gəlişmə olmalıdı. Alınmasa, pley-off şansımız az olacaq. Onda başqa ölkəyə getmək şansımız var. Yanvarın 20-nə kimi dəqiqləşdirəcəyik.”
Mərkəz oyunçusu dəvət aldığı ölkələrin də adını açıqlayıb.
Amil Həmzəyev basketbolçu: “Moldova və Gürcüstan liqalarından dəvət var. Hansı daha uyğun olsa, seçəcəyik”.
2016-ci ildən Ukraynada legioner həyatı yaşayan Amil Həmzəyev Super Liqada dəfələrlə turun simvolik komandasına düşüb. Eləcə də “Ulduzların oyunun”da çıxış edib. O, gücünün tükənmədiyini düşünür.
Xatırladaq ki, “Kremen” klubunda Amillə yanaşı, daha bir azərbaycanlı basketbolçu Zaur Paşayev də forma geyinir.
Azad Rəfi
- Baxış: 584