• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 5592
— 09.01.2019 14:47

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına başlayıb

KepezTV Player

Dəri əlcək ustaları qarşıdan gələn yarışlara Göygöl Olimpiya İdman Kompleksində hazırlaşırlar. Yığma yeni baş məşqçi Vaqif Şirinovun rəhbərliyi altında ilk dəfə bir araya gəlib. Toplanışa 26 boksçu çağırılıb. Milliyə məşqçilər korpusunun 4 üzvü nəzarət edir. Hazırlığa dekabrda keçirilən sonuncu ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşə vəsiqə qazanmayan, lakin öz çıxışları ilə mütəxəssislərin diqqətini cəlb edən boksçular dəvət edilib. Təbii ki, millinin əsas üzvləri də təlimlərdə iştirak edir.

Genişlənmiş heyətdə Azərbaycan boksunun demək olar ki, bütün aparıcı simaları yer alıblar. Onlardan dünya çempionu Elvin Məmişzadə, Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayor və yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu göstərmək olar. Yığmanın heyətində itkilər də var. Belə ki, Göygöydəki təlim-məşq toplanışına bir neçə əsas boksçu qatılmayıb.

Millinin toplanışı yanvarın 27-də başa çatacaq. Məşq prosesi fevralda Rusiyada keçiriləcək beynəlxalq sparinq görüşlərə və Bolqarıstanda baş tutacaq A kateqoriyalı turnirə hazırlıq xarakterlidir.

Boks üzrə böyüklərdən ibarət Azərbaycan millisi ilk dəfə Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir. Bundan öncə ötən il gənclər yığması eyni məkanda təlim-məşq toplanışında olub.

 

Orxan Cəfərzadə