• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 07.01.2019 14:58

Ötən ilin ən yaxşı iki idman qurğusundan biri Göygöl Olimpiya İdman Kompleksi olub

KepezTV Player

Göygöl-Hacıkənd avtomobil yolunun kənarında yerləşən kompleks 2014-cü ilin yanvarından fəaliyyətə başlayıb.
Göygöl Olimpiya İdman Kompleksi 2018-ci ildə müxtəlif səviyyəli yarışlara, cüdo və güləş üzrə beynəlxalq təlim-məşq toplanışlarına ev sahibliyi edib. Şübhəsiz ki, kompleksin təşkilati məsələlərdə özünü doğrultması seçimdə üstünlük qazanması və ilin yekunlarına əsasən təltif olunması ilə nəticələnib.
Vaxtilə Azərbaycan dünya və Avropa çempionatları, Olimpiya Oyunlarında layiqincə təmsil etmiş Mövlud Mirəliyev ötən ilin iyul ayından idman qurğusuna rəhbərlik edir. Bu təyinatdan sonra kompleksdə şəraiti daha da yaxşılaşdırmaq üçün müəyyən tədbirlər görülüb. 
Göygöl Olimpiya İdman Kompleksinin binası 3 blokdan ibarətdir. Şərti olaraq A, B və C bloklarına bölünən qurğunun müvafiq zallarında idmanla məşğul olmaq üçün bütün imkanlar mövcuddur. 
Odur ki, olimpiya kompleksi sözün tam mənasında universal idman mərkəzidir. Kompleksdəki vəziyyəti nəzərə alaraq burada olimpiya və qeyri olimpiya idman növlərinin inkişafı üçün hər cür şərait yaradıldığını söyləmək olar.
İdman qurğusunda olimpiya idman növlərindən güləş, boks, cüdo, taekvando, karate və üzgücülük üzrə bölmələr var. İdmançılar kompleksin xidmətlərindən tam istifadə edə bilərlər.
Kompleksin ərazisində futbol stadionu da var. Arenada 1300 tamaşaçı yerlik üstüörtülü  tribuna inşa edilib. Göygöldə komanda olmasa da, Gəncənin “Kəpəz” klubu bəzən məşqlərini burada keçir.

Azad Rəfi