Futbol üzrə Azərbaycan I Divizionunda 12-ci turun oyunları keçirilib. Tur çərçivəsində “Kəpəz” Gəncədə meydana çıxıb. Nizami yurdunun təmsilçisi şəhər stadionunda “Səbail 2” komandası ilə qarşılaşıb.
Çempionatda ikinci qələbəsini aktivinə yazmağa həvəsli görünən ev sahibləri ilk dəqiqələrdən hücuma atılıblar. Rəqib qapısı önündə uğur qazanmaq istəyi çox keçmədən nəticəsini verib. Ziyabil Məmmədov 16-cı dəqiqədə hesabı açmaqla “sarı-göylər” önə keçirib – 1:0. Bu qoldan sonra da hücumlarını davam etdirən gəncəlilər əsasən ikinci hissədə daha təhlükəli həmlələr təşkil etməklə bir neçə real qol epizodu yaradıblar. Amma gah son zərbələr qeyri-dəqiq alınıb, gah da bakılıların qolkiperi mövqeyində inamlı çıxış edib. Və son nəticədə “Kəpəz” minimal hesabla qalib gəlib.
Növbəti 3 xal Etibar İbrahimovun yetirmələrini turnir cədvəlində 11-ci pilləyə yüksəldib. Gəncə klubu dekabrın 6-da evdə “Səbail”in Premyer Liqada yarışan əsas komandası ilə qarşılaşacaq. Bu oyun Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.
Azad Rəfi
- Baxış: 528