McLaren və Harley-Davidsonun yetirmələrinin idarə etdiyi Amerika startapı Rivian Automotive özünün ilk modelini nümayiş etdirib. 2020-ci ildən kütləvi istehsal olunmağa başlayacaq yolsuzluq avtomobili 61 500 dollara təklif olunacaq. Rivian R1T Mercedes-Benz X-Class-dan 13,5 santimetr uzun, 9,5 santimetr enlidir. Təkər bazası isə təxminən 1 sm əskik gəlir. Rivian pikapının unikallığı 350 litr həcmli keçidli baqajının olmasıdır. O, kabinə ilə yük platforması arasında yerləşir. Daha bir baqaj adi avtomobilin mühərriki yerində qərarlaşıb. Kapotun altında özünə yer edən bu baqajın həcmi isə 330 litrdir. 800 kiloqramadək yük götürmə qabiliyyəti olan maşın özü ilə 3500 kq qoşqunu çəkib apara bilir. Rivian R1T 4 elektromotorla hərəkətə gəlir. Ümumi at gücü 760-a bərabərdir. 96 km/saat sürət 3 saniyəyə yığılır. Elektrokar bir dəfəyə həcmdən asılı olaraq 400-600 km arası yol gedir. R1T adaptiv pnevmoasma, rəqəmsal alətlər paneli və sensorlu əyləncəli informasiya sistemi ilə təchiz olunub. 2025-2026-cı illərdə şirkət ildə 50-60 min ədəd bu tip pikap istehsal etməyi planlaşdırır.
- Baxış: 551