Xaçmaz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Olay Gəndob-Yalama avtomobil yolunun Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib. İçərisində üç nəfərin olduğu “VAZ-21012” markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində əvvəlcə yolun kənarındakı dirəyə, sonra isə reklam lövhəsinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan Xaçmaz rayonu Köhnə Xudat kənd sakini Ehtimal Əzizov, Şollar kənd sakini Firuz Sultanov, Xudat şəhər sakini Kamran Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan Ehtimal Əzizovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 549