• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3112
— 20.11.2018 15:50

Gəncədə partlayış nəticəsində çoxmərtəbəli binanın bir hissəsi çöküb (YENİLƏNİB)

KepezTV Player

Gəncədəki yaşayış binasında partlayışla bağlı vəziyyət prezident İlham Əliyevin nəzarətindədir. Hadisə zamanı istifadəyə yararsız vəziyyətə düşən binanın sakinləri dövlət tərəfində müvəqqəti yerlərdə yerləşdiriləcəklər. 36 mənzilli binada baş verən partlayış nəticəsində ölənlər və yaralı var. Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

Gəncədə çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə səhər saatlarında Aliminumçular qəsəbəsində, Şahlar Hüseynov küçəsində qeydə alınıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Gəncə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerində gəliblər. FHN-in Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 24 yaşlı Cumazadə Cuma Saleh oğlunun, 47 yaşlı Tağıyeva Nigar Tağı qızı və 24 yaşlı Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb. 21 yaşlı Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə xilas edilib. Axtarış işlərində iştirak üçün FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncəyə gətirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

10:02 olan xəbər: Gəncədə çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə səhər saatlarında Aliminumçular qəsəbəsində, Şahlar Hüseynov küçəsində qeydə alınıb. Hadisə ilə bağlı FHN də məlumat yayıb. Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb ediliblər. 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Kəpəz Televiziyasının hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, xəsarət alan şəxslər dağıntılar altından çıxarılır. Onlardan birinin 21 yaşlı Orxan Məmmədov olduğu müəyyənləşib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xaliq Qurbanlı