Futbol üzrə Azərbaycan 1-ci divizionunun 9-cu turun oyunları keçirilir. Hesabat turunda “Turan Tovuz” evdə “Keşlə-2”ni qəbul edib. Aşağı dəstədə qərb regionunu təmsil edən 2 komandadan biri olan tovuz klubu doğma divarlar amilindən istifadə edərək qalib gəlmək arzusunda olub. Ancaq ev sahibləri bolqollu alınan görüşün yekununda qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyiblər. Bakılılar görüşə erkən qolla start veriblər. 4-cü dəqiqədə Elmir Rəhimzadə komandasını hesabda önə keçirib. Fasilədən sonra da üstün olan paytaxt təmsilçisi 74-cü dəqiqədə Nurlan Quliyevin qoluyla ikinci dəfə yerli azarkeşləri üzüb. Bu qolun ardından özünə gələn meydan sahibləri 83-cü dəqiqədə buraxdığı toplardan birinin əvəzini çıxıb. Məzahir Əhmədov fərqlənib. Cəmi 1 dəqiqə sonra Keşlə 2-nin ilk qolunun müəllifi Elmir Rəhimzadə 2 topluq fərqi yenidən bərpa edib. Ancaq bu da görüşdə sonuncu qol olmayıb. 87-ci dəqiqədə təyin olunan penaltini maksimum dəyənləndirən Qalib Əmrahov qarşılaşmada son nöqtəni qoyub. 2:3 “Keşlə”nin əvəzedici heyətinin qələbəsi. Tovuzluların məğlubiyyəti rəqibin turnir cədvəlində onları keçməsi ilə nəticələnib.
Orxan Cəfərzadə
- Baxış: 556