Bakı-Qazax avtomobil yolunun 250 kilometrliyində - Ucar rayonu ərazisində ağır qəza qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan Gədəbəy sakini Elman Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkət zolağından çıxaraq yol kənarındakı magistrala nəzarət kamerasının dirəyinə çırpılıb. Sürücü və sərnişini Solmaz Məmmədova aldıqları bədən xəsarətləri nəticəsində dünyasını dəyişiblər. Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası yarasız hala düşüb. Ehtimala görə qəzaya sürücünün idarəetməni ititrməsi səbəb olub.
Ucar rayonunda baş verən daha bir yol nəqliyyat hadisəsi isə piyadanın həyatına son qoyub. Hadisə gecə saatlarında rayon mərkəzində qeydə alınıb. Ucar rayon sakini Rəşad Hüseynovun idarə etdiyi minik maşını Heydər Əliyev prospektində yolu keçmək istəyən rayon sakini 64 yaşlı Xuraman İsmayılovanı vurub. Qəzadan sonra sürücü yaralını dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Zərdabda da ölümlə nəticələnən qəza baş verib. Hadisə Zərdab-Mollakənd-Kürdəmir yolunun 4-cü kilometrliyində - rayonun Dəkkəoba kəndi ərazisində qeydə alınıb. Rayon sakini 61 yaşlı Rövşən Həsənov idarə etdiyi traktorla Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, Kəlbəcər rayon sakini 54 yaşlı Əjdər Əhmədovun idarə etdiyi minik maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-in sürücüsü hadisə yerində dünyasını dəyişib. Minik maşınında sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün dərhal əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Qəzaya səbəb kimi ilkin olaraq minik avtomobilinin yüksək sürətlə idarə edilməsi göstərilir.
Daha bir qəza gecə saatlarında Şəkidə baş verib. Kiş kəndi ərazisində Bakı şəhər sakini 25 yaşlı Fuad Cəfərzadə "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. maşın yolun solundakı səkiyə çırpılıb. Nəticədə sürücü və sərnişin - Balakən rayon Hənifə kənd sakini 20 yaşlı Qönçə Malanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki MRX-yə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Fuad Cəfərzadəyə sol baldırın qapalı travması, Qönçə Malanovaya isə sol topuq nahiyəsinin qapalı travması diaqnozu qoyulub.
Gecə saatlarında Şamaxı şəhər Nəriman Nərimanov prospektində “NİVA” markalı minik avtomobili ilə "VAZ 2107" toqquşub. Zərbənin təsirindən "NİVA" aşaraq yolu bağlayıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı rayon Nağaraxana kənd sakini 24 yaşlı Xərgulla Həsənov ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 1010