• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 15.10.2018 14:50

Turan Bayramov olimpiya çempionu oldu

KepezTV Player

Gəncəli sərbəst güləşçi Turan Bayramov Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində yer alan Bayramov mübarizəyə A qrupunda start verib. O, ilk görüşdə Yeni Zelandiyadan olan rəqibini elə birinci hissədə asanlıqla məğlubiyyətə uğradıb. O, növbəti qarşılaşmada Pakistan güləşçisinə də rahat qalib gəlib və qrupunda 1-ci yeri tutub.

Beləliklə, Bayramov olimpiadanın finalına vəsiqə qazanıb. Yeniyetmə pəhləvan həlledici görüşdə B qrupunun qalibi olan iranlı Məhəmməd Kərimiseyfabadı ilə qarşılaşıb. Dünya çempionatının yarımfinalında məğlub etdiyi güləşçini olimpiadanın həlledici görüşündə də yenən Bayramov olimpiya çempionu olub.

İdmançı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında çempionluq yolunda ciddi çətinliklə üzləşmədiyini vurğulayıb. Sevincimin həddi-hüdudu olmadığını,  üzərində əziyyəti olan şəxslərə minnətdarlığını bildirib.

Gəncə güləş məktəbinin yetirməsi olimpiadaya kimi dünya və Avropa çempionu, beynəlxalq turnirlərin qalibi olduğundan ondan Argentinada da medal gözlənilirdi ki, güləşçi də ümidləri doğruldub. 

Abil İbrahimov, şəxsi məşqçisi: “Bu, onun ilk nəticəsi deyil. Borcu idi ki, olimpiya çempionu olsun. Bu qələbəyə Azərbaycan xalqı, gəncəlilər çox sevindi. İnanıram ki, Toğrul Əsgərovun davamçısı olub gələcəkdə böyüklər arasında olimpiya çempionu olacaq”.

Qeyd edək ki, Turan Bayramovun qazandığı qızıl medal Gəncə idmanın tarixinə Yeniyetmələrin Olimpiya Oyunlarından yazılan 3-cü mükafatdır. Belə ki, Turandan öncə Nizami yurdunun təmsilçilərindən ikisi olimpiadadan medalla qayıdıb. Boks millimizin üzvlərindən - Elvin İsayev 2010-cu ildə Sinqapurda gümüş, Rüfət Hüseynov isə 4 il əvvəl Nanjinqdə qızıl mükafata sahib olub.

Azad Rəfi