• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 11.09.2018 12:46

Oğruya ev sahibinin oğlu kömək edibmiş...

Bir neçə gün əvvəl Cəlilabadda baş verən oğurluq hadisəsi barədə xəbəri diqqətinizə çatdırmışdıq. Rayon sakini Arif İbişov polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbiri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Həmin cinayətin təfərrüatları da açıqlanıb. Araşdırma zamanı müəyyən edilib ki, Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından köməklik göstərib. Belə ki, o, Şəhriyar Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib. Həmçinin istintaq zamanı müəyyən edilib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq Salmanovun evə daxil olması üçün şərait yaradıb. Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə apararaq satıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.