• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 12.07.2018 17:37

Güləşçilər Göygöl toplanışını başa vurub

KepezTV Player

Sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası Göygöldə keçirdiyi təlim-məşq toplanışını başa vurub. Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu 2 həftə müddətində idmançıları sınaqdan keçirib. Yerli Olimpiya İdman Kompleksində reallaşan hazırlıq dövründə toplanışa 22 güləşçi cəlb edilib. Məşq prosesinə Olimpiya çempionu Toğrul Əsgərov, üçqat dünya çempionu Hacı Əliyev və yığmanın digər aparıcı güləşçiləri qatılıb. Milli komandanın üzvləri əsasən, ümumi və xüsusi fiziki çalışmalar üzərində işləyiblər. Göygöldən sonra pəhləvanlar paytaxtda Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcək. Qeyd edək ki, yığmamız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır. Bu planda güləşçilər iyulun 27-29-u tarixlərində Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə  təşkil olunacaq reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.  

Toğrul Əsgərov, olimpiya çempionu: “Hər şey yaxşıdır, toplanış yüksək səviyyədə keçdi. Qarşıdakı böyük yarışlara hazır olmaq üçün müəyyən turnirləri güləşməliyəm. Bundan sonra Türkiyəyə gedəcəyik və orada yerli yığma komanda ilə birgə toplanışa qatılacağıq. Yaşar Doğu turnirində iştirakım gözlənilir”.

Hacı Əliyev, üçqat dünya çempionu: “Havanın isti olmağı bizə çətinlik yaratdı və şükürlər olsun ki, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirdik.Uşaqlar həvəslə işləyib tapşırıqları düzgün yerinə yetirdilər. Çəkdiyimiz əziyyətin bəhrəsini görərik qarşıdakı yarışlarda”.

Firdovsi Umudov, AGF-nin vitse-prezidenti, yığmanın baş məşqçisi: “Komandada əhval-ruhiyyə yaxşıdır, elə bir ciddi zədəlimiz yoxdur. Uşaqlar səylə toplanışı davam etdirdilər. Baş məşqçi kimi özümüzü tərifləyəsi deyilik ki, məşqləri yaxşı keçirik. Bunu nəticə göstərəcək”.

Azad Rəfi