Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Qaradağ rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib.Təcili yardım briqadası hadisə yerinə gələnə qədər sərnişinlərdən olan 1 nəfər qadın dünyasını dəyişib. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci - Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -maddəsilə cinayət işi başlanıb.
- Baxış: 544