• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 11.07.2018 16:25

Gəncədə vəziyyət stabildir, ictimai asayiş tam təmin edilib

KepezTV Player

Şəhər sakinləri ötən gün Gəncənin baş meydanında baş verən hadisələri destruktiv, Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələrin ölkədə vəziyyəti pozmaq cəhdi kimi qiymətləndirirlər. Radikal dini yönümlü bir qrup şəxsin asayişi kobud şəkildə pozmağa cəhd göstərərək 2 polis zabitini qətlə yetirilməsini pisləyirlər.

Gəncə, iyulun 10-u, saat 20 radələri. Adi iş günündən sonra şəhər sakinlərinin istirahət üçün daha çox üz tutduğu Gəncənin baş meydanı. Məhz bunu fürsət bilən radikal dini yönümlü bir qrup şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymadan asayişi kobud şəkildə pozmağa cəhd edir. 150-200 nəfərdən ibarət kütlənin özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərməsi operativ tədbirlərin həyata keçirilməsini labüd etmiş və təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilmişdir.

Şəhər ictimaiyyəti bunu ölkədə təhlükəsizliyə, xalq-iqtidar birliyinə əl uzatmaq, sabitliyi pozmaq cəhdi hesab edir. Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə sakinlər xaricdən tapşırıq alan pozucu qüvvələrə heç bir vəclə meydan verməyəcəklərini vurğulayırlar. Sabitliyin tərəfdarı olan əhali təhlükəsizliyə düşmən kəsilən qüvvələrin istəklərinə çata bilməyəcəyini önə çəkirlər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olması da sakinlər tərəfindən hiddətlə qarşılanır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 30 yaşlı əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunan Rəşad Böyükkişiyev və 30 yaşlı Fərrux Qasımov müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır. Ümumilikdə isə polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə hüquqazidd əməllərə yol verən 40 nəfər tutulub. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Gəncədə ötən gün baş verən hadisələrə çevik reaksiya bir daha hüquq-mühafizə orqanlarının operativliyi və vətənpərvərlikləri ilə seçilən şəhər sakinlərinin həmrəylik nümayiş etdirməsi kimi qiymətləndirilir.