Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə turnir keçirilib. Yarış SSRİ idman ustası Turab Bayramovun xatirəsinə həsr olunub.
Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşəbbüsü ilə reallaşan yarışın açılış mərasimində Turab Bayramovun əmək fəaliyyətindən danışılıb. Nizami yurdunda güləşin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edilib. Onun Gəncədə 100-lərlə uşaq və yeniyetməyə milli idman növünü sevdirən məşqçi kimi tanındığı və yetirmələrinin müxtəlif yarışlarda uğurlara imza atdığı qeyd olunub.
Rəsmi hissədən ardından yeniyetmə pəhləvanlar nümunəvi çıxışlarla tamaşaçıların diqqətini cəlb etməyə çalışıblar.
Bundan sonra mübarizələrə start verilib. 2005-2007-ci il təvəllüdlü idmançıların yarışında 150-yə yaxın güləşçi xalça üzərinə çıxıb. Medallar uğrunda Gəncə, Samux, Şəmkir, Qazax, Ağstafa və Lənkəran təmsilçiləri qüvvəsini sınayıb.
Yarışı izləyənlər arasında Göygöldə təlim-məşq toplanışında olan sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də olub. Olimpiya çempionu Toğrul Əsgərov, üç qat dünya çempionu Hacı Əliyev və digərləri iştirakçıları uğura səsləyib.
Yarış sonunda fəxri kürsüdə yer alan idmançılara medal, diplom və qiymətli hədiyyələr verilib. Xatırladaq ki, Turab Bayramovun xatirə turniri ötən ildən keçirilir. Ənənəvi yarışa çevrilən birinciliyin coğrafiyasının qarşıdakı illərdə daha da genişləndirilməsi nəzərdə tutulub.
Azad Rəfi
- Baxış: 868