• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 25.06.2018 14:54

Təbii fəlakət Daşkəsənə ziyan vurdu: körpülər uçdu, insanlar yaralandı

KepezTV Player

Daşkəsən selə təslim olub. Leysan yağışlarının səbəb olduğu sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub.

Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular və Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib. Sel suları bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evini yararsız hala salıb, bir çox yaşayış evlərini su basıb.

Sel suları kəndlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib, bir neçə avtomobili axınına salaraq aparıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb. Xeyli sayda elektrik və rabitə dayaqları, 5 ədəd elektrik transformatoru sıradan çıxıb. Təbii fəlakət nəticəsində kəndlərdə xəsarət alan sakinlərə Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Gecə saatlarından başlayaraq yaradılan operativ qərargah tərəfindən daxili imkanlar hesabına vətəndaşlara lazımi köməklik göstərilib. Enerjisi verilişinin bərpası istiqamətində rayonun çayqırağı kəndlərində işlər aparılır.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da güclü sel nəticəsində dəyən ziyanı müəyyənləşdirmək üçün rayona ezam olunublar.