Şəmkir rayonunda tikinti abadlıq quruculuq istiqamətində layihələrin icrası davam edir. Yenidənqurma işlərinin əsasını isə küçə və prospektlərin asfaltlanması təşkil edir. Həyata keçirilən işlərdə rayon sakinləri də yaxından iştirak edir. Ötən aylar ərzində yerli sakinlərin təşəbbüsü ilə Şəmkir şəhərinin Əhməd Cavad və Zirəddin Həsənov küçələrində avtomobillərin rahat gediş gəlişi təmin edilib. Hazırda işlər ağ dağlar adlanan ərazidə aparılır. Sözügedən ərazidə iş icraçıları və sakinlərlə görüşən rayon rəhbərliyi işlərin icrası ilə yerində tanış olub. Şəmkir rayonu üçün mühüm əhəmiyyət kəsb edən Xəstəxana Kompleksində isə inşaat işləri başa çatmaq üzrədir. Günün tələblərinə cavab verəcək 190 çarpayılıq xəstəxanada yaradılacaq şərait rayon sakinləri ilə yanaşı ətraf rayonların əhalisinə də müasir tibbi xidmətin göstərilməsinə imkan verəcək. Yeni səhiyyə müəsissəsi istifadəyə verildikdən sonra xəstəxanada Hemodializ şöbəsi də fəaliyyət göstərəcək.
Natiq Hüseyn
- Baxış: 835