Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir. Polislər tərəvəz sahəsində narkotik yetişdirən iki qardaşı yaxalayıblar.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 56 yaşlı Tofiq Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan xiyar istixanasında aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqram, uzunluğu 53 sm-dan 2.15 metrədək olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Polis əməkdaşları Tofiq Məmmədovun qardaşı, rayonun Malay kənd sakini 60 yaşlı Tacəddin Məmmədovun yaşadığı evin həyətindəki paxla əkini sahəsinə də baxış keçiriblər. Oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və çəkisi 2 kiloqram, uzunluğu 1 metr olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar edərək götürüblər. Tofiq Məmmədov narkotik yetişdirdiyinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırma aparılır.
- Baxış: 1107