• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3204
— 13.06.2018 11:03

Gözün buynuz qişası 3D-printerdə çap ediləcək

Gözün buynuz qişasını 3D-printerin köməyi ilə 5 dəqiqə ərzində yenidən yaratmaq mümkün olacaq. Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri Stiven Svioklo və Çe Konnon buynuz qişanın transplantologiyasını dəyişdirəcək üsul aşkar ediblər. Tədqiqatçılar tərkibində alginik turşu və kollagen olan biomürəkkəb hazırlayıblar. Bu maddə buynuz qişanın formasını saxlamaq üçün kifayət qədər sərtdir və eyni zamanda üçölçülü printerin ucluğu ilə sıxılmaq üçün yetərincə yumşaqdır. Pasiyentin buynuz qişasının parametrlərini öyrənmək üçün onun gözünü kompüter vasitəsilə skan etmək lazımdır.

Nəticə heyrətləndirsə də, transplantasiya üçün çap edilmiş toxumaların daha ciddi sınaqlardan keçirilməsi vacibdir. Yalnız bundan sonra onların tibbdə istifadəsinə icazə verilə bilər. Görmə prosesində böyük əhəmiyyət kəsb edən buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Britaniya alimləri tərəfindən təklif olunan yeni metod və bu istiqamətdə aparılan tədqiqatlar olduqca əhəmiyyətlidir. Belə ki, hazırda 10 milyondan çox insan bu orqanın transplantasiyasını gözləyir. Əməliyyat zamanı görmə qabiliyyətinin itirilməsi riski yüksəkdir. Transplantasiya üçün ciddi material çatışmazlığı problemi mövcuddur. Buynuz qişa konkret pasiyentə uyğun hazırlanır və onun sürətli çap edilməsi prosesi xeyli ucuz başa gəlir. Bu, transplantologiya sahəsində əsl sıçrayışdır.