Türkiyənin İstanbul şəhərində güləş üzrə 23 yaşlılar arasında Avropa çempionatına yekun vurulub. Bu yarışda sərbəst güləş üzrə Azərbaycan yığmasının qazandığı uğurlarda qərb bölgəsindən olan pəhləvanların da payı var.
Sərbəst üsulla güləşənlərin birinciliyində komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Gəncə və Qazax güləş məktəbinin yetirmələri - Murad Süleymanov və Əfqan Xaşalov yarışda fəxri kürsüyə yüksəlib. Qazax güləşçisi Xaşalov gümüş, Nizami yurdunun təmsilçisi Süleymanov bürünc mükafat qazanıb. 79 kq-da 3-cü pilləyə aparan yolda Murad 4 görüş keçirib. İki il öncə gənclər arasında Avropa çempionu olan pəhləvan ¼ finalda uduzduğundan təsəlliverici görüşlərə qatılıb. O, Bosniya və Herseqovina və Bolqarıstan idmançılarına qarşı keçirdiyi görüşləri vaxtından əvvəl qələbə ilə başa vuraraq bu dəfə qitə birinciliyinin 3-cü yerdə tamamlayıb. Süleymanovun komanda yoldaşı, dünya çempionu Əfqan Xaşalov isə 57 kq çəki dərəcəsində yalnız finalda uduzub. ¼ Ukrayna, yarımfinalda Almaniya güləşçisinə qalib gəlməklə iki seçmə mərhələni uğurla adlayan Xaşalov “qızıl” üçün həlledici görüşdə rusiyalı rəqibinə məğlub olaraq 2-ci yeri tutub.
Azad Rəfi
- Baxış: 1660