• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 08.06.2018 14:32

Göygöl Olimpiya İdman Kompleksində Uşaq Paralimpiya İdman Festivalı keçirilib

KepezTV Player

Festival Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub.

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə reallaşan idman tədbiri yeni bir layihədir. Belə ki, 2015-ci ildən başlayaraq hər il Uşaq Paralimpiya İdman Oyunları keçirilsə də, Paralimpiya Festivalı ilk dəfə olaraq təşkil olunub.

Azərbaycanda uşaq paralimpiyasının coğrafiyası genişlənib. Bu hərəkat əvvəllər yalnız Bakı və Sumqayıtı əhatə edirdisə, indi demək olar ki, bütün bölgələrə yayılıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə 2013-cü ildə ilk dəfə Azərbaycanda yaradılıb. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların idman cəlb olunması və cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Festivalda iştirak edən uşaqlara dəstək üçün Azərbaycanın tanınmış paralimpiyaçıları da tədbirin izləyicisi olub. Bu mənada Paralimpiya çempionları İlham Zəkiyev, Ramin İbrahimov, Oleq Panyutin və Ramil Qasımov tədbirə qatılıb. Yeri gəlmişkən, Qasımov festivalın bayraqdarı kimi məsuliyyəti öz üzərinə götürüb.

Festivalda cüdo, üzgücülük, boça, qolbol, stolüstü tennis, taekvando, əlil arabasında idman rəqsi və paurliftinq paralimpiya idman növləri üzrə yarışıblar. Bu növlər üzrə 22 komandadan 110 sağlamlıq imkanları məhdud uşaq qüvvəsini sınayıb. Yarışlarda Gürcüstandan olan uşaqlar da iştirak ediblər.

Festivalda fərqlənən paralimpiyaçılar medal, kubok və hədiyyələrlə təltif olunublar.

 

Azad Rəfi