Göygöl rayonunda XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilən tədbir keçirilib. Ustad aşığın Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəldiyi, Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olduğu xatırlanıb. Sənətkar ailəsində doğulan Şəmşirin çox keçmədən el yığıncaqlarında tanınmağa başladığı, Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitinin, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratdı vurğulanıb. Onun 40-dan artıq şagirdi olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb. Prezident İlham Əliyevin Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi ilə bağlı xüsusi sərəncamı ilə təşkil edilən tədbir aşıqların ifasında ölməz sənətkarın qoşmalarının səsləndirilməsi ilə davam edib.
Fəttulla Göyçəli - əməkdar mədəniyyət işçisi: Şəmşiri mən iki dəfə görmüşəm. Doğrudanda Şəmşir xalq tərəfindən dədələşmiş bir sənətkardır. Bu qiyməti ona el camaat xalqımız verib. Sağolsun bizim prezidentimiz 125 illiyinin keçirilməsinə sərəncam verib.
Natiq Hüseyn
- Baxış: 1041