Gəncə daha bir beynəlxalq layihəyə ev sahibliyi etməklə köhnə qitənin diqqətini yenidən özünə cəlb edəcək. Söhbət Nizami yurdunun 2019-cu ildə Avropanın İdman Şəhəri titulu almasından gedir. Bəs bu ad Gəncəyə nə verəcək?
Müşfiq Cəfərov Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “İdman şəhəri adını alması insanlarda idmanla məşğul olmağa maraq yaradacaq. Bizim də hədəfimiz budur, insanlar üçün faydalı olsun”.
Sosial yönümlü bu layihə ölkənin ikinci şəhəri üçün geniş perspektivlər açır. Bu ad altında çoxlu sayda yerli və beynəlxalq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Müşfiq Cəfərov Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Bundan sonra görüləcək işlər çoxdur. Tədbirlər planı işlənib hazırlanır. Gəncədə idmanı inkişaf etdirmək, şərait yaratmaq da bizim üçün önəmli faktordur”.
Gəncənin 2016-ci ildə Avropa Gənclər Paytaxtı adını uğurlu həyata keçirməsi şəhərin digər mötəbər titullara iddia etməsinə zəmin yaradıb. 2019-cu il Avropa İdman Şəhəri də bu qəbildəndir.
Qeyd edək ki, idman şəhəri adı - Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyası tərəfindən təsis olunub. Bu titul 2007-ci ildən verilməyə başlanıb. Gəncə MDB məkanında bu adı əldə edən ilk şəhər olub.
Azad Rəfi
- Baxış: 1154