• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 24.05.2018 15:36

Gəncə Olimpiya İdman kompleksində karatenin WKF versiyası üzrə qız və oğlanlar arasında açıq birincilik keçirilib

KepezTV Player

“Buşi-do” döyüş növləri idman klubu tərəfindən təşkil edilən yarış Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Birincililiyin açılış mərasimində respublikamızın şanlı tarixindən danışan natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycanın dövlətçilik ənənələrinin təməli olduğunu vurğulayıblar. Bu gün ölkəmizin bütün sahələrdə olduğu kimi idman sahəsində də dünyada qabaqcıl sıralarda dayandığı qeyd olunub.  Açılış mərasimi konsert proqramı ilə davam edib. Bədii hissədə musiqiçilər və rəqs qrupları çıxışları ilə yarışa rəng qatıblar. Daha sonra mübarizəyə start verilib. 150-yə yaxın karateçinin iştirak etdiyi birincilikdə uşaq və yeniyetmələr tatami üzərində bacarığı ortaya qoyub.

Əhməd Hacınəbi – yarışın təşkilatçısı : “Əsas məqsədimiz bu yaş qrupunda olan uşaqlarımıza böyük tariximizi anlatmaq, onlara vətənpərvərlik hislərini aşılamaq və perspektivli idmançıları aşkar etməkdir.”

Yarışda karateçilər həm kumite, həm də kata növündə qüvvəsini sınayıb.  Açıq xarakterli olduğundan birincilikdə Nizami yurdunun idmançılarıyla yanaşı, Bakı, Sumqayıt, Bərdə, Şəmkir, və Qazax  təmsilçiləri də mübarizəyə qatılıb.

Vüsal İsrafilov – yarışın baş hakimi: “Karate regionlarımızda da inkişaf edir. Bu bariz nümunədir ki, Gəncədə belə bir möktəşəm yarış təşkil edilib. Əvvəllər bu idman növü Bakı, Sumqayıt və Gəncənin özündə inkişaf etmişdisə, artıq bu yarışa Bərdədən, Qazaxdan və digər rayonlarımızdan idmançılar gəlib. Bu da çox sevindirici haldır ki, ölkəmizin hər bölgəsində karate inkişaf edir.”

Turnirin sonunda mükafatlandırma mərasimi keçirilib. İlk 3 yeri tutan karateçilər fəxri fərman və medalla təltif ediliblər.

Orxan Cəfərzadə