İyun ayında Şotlandiyada veteran cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Yarışda Gəncənin iki tatami ustası da qüvvəsini sınayacaq.
Qitə çempionatı üçün Nizami yurdundan Samir İsmayılovla Ramiz Məmmədov ustalardan ibarət yığma komandanın tərkibinə daxil edilib. Peşəkar karyerasını yeni başa vuran komanda yoldaşından fərqli Məmmədov yaşı daha çox olan cüdoçuların birinciliyində tatami üzərinə çıxacaq. 100 kq çəki dərəcəsində güləşəcək veteran idmançı 50-60 yaşlı tatami ustalarının mübarizəsində medal qazanmağa çalışacaq.
Yarışla bağlı hazırlığa ötən aydan başlayan 57 yaşlı cüdoçu gündə 3 dəfə məşq edir. Təcrübəsinə güvənsə də, uğur qazanmaq üçün “əsas hazırlıqdır” prinsipi ilə işinə yanaşır.
Ramiz Məmmədov güləşdiyi vaxtlarda Azərbaycan çempionu, Ümumittifaq yarışlarının iştirakçısı olub. 1985-ci ildən sonra bir də ötən il Respublika çempionatında tatamiyə çıxıb. Elə veteranlar arasında Azərbaycan çempionatının qalibi olmaqla qitə yarışına vəsiqə qazanıb.
Məşqçi kimi fəaliyyət göstərən Ramiz Məmmədovun 100-lərlə yetirməsi var. Onlar arasında qitə birinciliklərinin, beynəlxalq turnirlərin, respublika çempionatlarının mükafatçısı var.
Azad Rəfi
- Baxış: 2072