Bakının Xəzər və Suraxanı rayonlarında quldurluq cinayəti və silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib. Məlum olub ki, saxlanılan şəxslərdən biri zərərçəkənin elə öz qohumudur.
Suraxanı rayon sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs onun idarə etdiyi“Vaz” 2106” markalı avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib. Qeyd edilən ünvana çatanda isə həmin şəxslər ona hücum edərək qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Daha sonra dəstə üzvlərindən ikisi sürücünün yanında qalıb, digər şəxs isə zərərçəkənin evinə yollanaraq seyfdə olan 6000 manat pulu ələ keçirib. Əməliyyat-axtarış tədbirləri ilə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı sakinləri Sevda Gözəlova, Şəms Məmmədov, həmçinin Masallı sakinləri Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova saxlanılıblar. Taksi sürücüsündə pul olması barədə dəstə üzvü Şəms Məmmədova zərərçəkənin qohumu Sevda Gözəlova məlumat verib. Şəms Məmmədov isə öz növbəsində digər saxlanılanlarla birlikdə qurduqları plana uyğun cinayəti həyata keçirib.
Türkan qəsəbəsinə taksi sürücüsünün yanında Elvin Kazımov və Aysel Məmədova qalıb. Samir Həşimov isə mənzilin açarlarını götürərək zərərçəkənin evinə yollanıb və oradakı seyfdən 6000 manat pul oğurlayıb.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
- Baxış: 1788