“Zəriflik” Beynəlxalq Musiqi Festivalı Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir. Musiqi bayramında Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan musiqi kollektivləri, dirijorlar və solistlər iştirak edirlər.
Olqa Naqornaya Ukrayna Milli Operasının solisti:Mən dəfələrlə Bakıda, Akademik Opera və balet Teatrının səhnəsində çıxış eləmişəm. Gəncədə olmaq, bu festivala dəvət almaq isə xüsusi ilə xoşdur. Səhnə və zalın akustikası çox xoşuma gəldi. Tamaşaçılar çox istiqanlı və sənətə dəyər verən insanlardır ki, bu da bir sənətçinin önəm verdiyi amillərdən biridir. Biz burada bu istiliyi, bu səmimiyyəti hiss etdik.
Konsert proqramında Cüzeppe Verdi, Sergey Raxmaninov, Jorj Bize, Yohans Brans kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunan festivalın bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.
Fərhad Bədəlbəyli “Zəriflik” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri:Bu xanımı mən uşaqlıqdan tanıyırdım. Biz eyni küçədə yaşayırdıq. O doğurdan böyük bir alim idi. Faktiki olaraq çox xəstəliklər var idi ki, o insanları bu xəstəliklərdən xilas edirdi. Musiqini çox sevən bir insan idi. Özü pianoda ifa edirdi. Onların evində hər zaman musiqi səslənirdi. Ona görə də Zərifə xanımın yubileyi çox böyük bir hadisədir və ona görə də biz bu festivalı təşkil etmişik.
Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasının direktoru:Bu gözəl Gəncə Dövlət Filarmoniyasında belə konsertlərin olması vacibdir. İnsanlar da bunu çox gözəl qarşıladırlar. Çünki bilirsiz, uzun illərdir ki, Gəncədə belə tədbirlər keçirilmir. Düşünürəm ki, bu axırıncı yox, axarıncı olacaq.
Aprelin 30-dək davam edəcək festivalının rəsmi açılışı isə bu gün Gəncə Dövlət Filarmoniyasının boyük səhnəsində olacaq.
- Baxış: 876