Gəncənin M.A.Abbaszadə küçəsindəki bu yol, şəhərdəki 5 avtomobil körpüsündən birinin üzərindən keçir. 1843-cü ildə inşa edilən körpü “Gəncə” çayının hər iki sahili ilə yanaşı keçmişlə bu günü birləşdirir...
Körpünün layihəsi Rus ordusunun hərbi mühəndisi, poruçik A.Q.Çarnetskiyə məxsusdur. Tikili Qafqazda inşa edilən ilk dəmir və metal konstruksiyalı körpü olaraq tarixə düşüb.
175 yaşlı körpü uzun illər şəhərin müsəlman və xristian əhalisi arasında da keçid rolunu oynayıb. Məsələ burasındadır ki, 1804-cü ildə Gəncə Çar Rusiaysı tərəfindən işğal edildikdən sonra şəhərə köçürülən ermənilər, çayın sağ sahilində, indi əhali arasında “ikinci hissə” kimi tanınan ərazidə məskunlaşıblar. 1920-ci ildə Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqda Gəncənin yerli müsəlman əhalisi yadelli işğalına qarşı üsyana qalxır. Bu zaman fürsətdən istifadə edən ermənilər körpünün yuxarısından şəhərə girmək istəyiblər...
Bu tarixi hadisələr Qurban Səidin “Əli və Nino” əsərində də təsvir olunub. Həmin illərdə bu ərazilərdə yaşananlar Əli xan Şirvanşirin dilindən belə nəql edilir...“Yenə səhər açılmağa başladı. Uzaqdan top səsləri gəlirdi. Mən körpü tərəfə getdim. Pulemyotun arxasında uzandım və patrondaş barmaqlarımın arasından təsbeh kimi sürüşməyə başladı... Rus tərəfdə hərəkət hiss olundu və mənim pulemyotum fasiləsiz şaqqıldadı. O tayda hücum şeypuru çalındı... Başımı qaldırıb, nəhəng quru çayı gördüm. Ruslar meydançanı keçir, aşağı əyilir, nişan alır və atəş açırdılar. Onların güllələri körpüyə dəyirdi... Onların sayı minlərlə idi və tənha qalmış bir pulemyotun vəngiltisi Gəncə körpüsündə gücsüz səslənirdi...
Bu “gücsüzlük” simvolik idi əslində... Bu, son nəfəsini verməkdə olan Azərbaycan Xalq Cumhuriyyətinin tükənən gücü idi...
“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasındakı mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü...”
Vaxtı ilə Əli xanın cəsədini ağuşuna ala bilməyən çay, indi coşqu ilə axır... Keçmişdən gəlib, gələcəyə gedir, o illərin əks sədasını bu gündə qoyaraq... 175 yaşlı körpü isə gözləyir, gələcəkdən bu günümüzə salam vermək istəyən olarsa, bu dəfə ona keçid olmaq üçün...
- Baxış: 1173