• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 19.04.2018 19:05

"ShamkirChess 2018 " superturniri başladı

KepezTV Player

Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin açılış mərasimi keçirilib. Tədbirdə rayon rəhbərliyi, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov, yerli və əcnəbi şahmatçılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.  

Açılış mərasimində əvvəlcə mərhum qrossmeysterimizin həyatından və karyerasından bəhs edən videoçarx nümayiş olunub. Daha sonra şahmat dünyasının diqqətini cəlb edən turnirin əhəmiyyətindən bəhs edilib. Vüqar Həşimovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyindən danışılıb.  Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov şahmat aləmində kifayət qədər nüfuz qazanan turnirin beşinci dəfə təşkil olunmasından məmnunluğunu bildirib. Mərhum şahmatçının atası Qasım Həşimov oğlunun xatirəsinə həsr olunan turnirin təşkilatçılarına minnətdarlığını çatdırıb.

Kirsan İlyumjinov FİDE-nin prezidenti:  “Şəmkir ənənəvi olaraq böyük şahmat turnirinə ev sahibliyi etməyə başlayıb. Artıq Şəmkiri dünyanın çox yerində tanıyırlar. Azərbaycanda bu idman növünün inkişafı istiqamətində çoxlu işlər görülür, şahmatın ümumtəhsil  məktəblərində tədrisi ilə bağlı Dövlət Proqramı qəbul olunub. Bu turnirdə iştirak etmək üçün ölkənizə təşrif buyuran dünyanın ən güclü şahmatçıları hər dəfə bura gəlməyi və yarışda iştirak etməy özləri üçün böyük şərəf sayırlar”.

Tədbirdə həmçinin turnirin püşkü də atılıb. Püşkün nəticələrinə əsasən, turnirin birinci turunda dünyada ən yüksək reytinqə sahib iki şahmatçı – hazırkı dünya çempionu Maqnus Karlsen ilə Şəhriyar Məmmədyarov üz-üzə gələcək.

Maqnus Karlsen – dünya çempionu: “Əvvəlki illərdə Azərbaycandan xüsusən də,  Şəmkirdən əla təəssüratlar və nəticələrlə qayıtmışdım. İndi də evə yaxşı nəticəylə qayıtmağa ümid edirəm. Turnirin qalibi kim olacaq? Ad çəkməyimi istəyirsizsə, öz adımı deyirəm. İlk turdakı rəqibim Şəhriyarla oyunum düşünürəm ki, son dərəcə ağır olacaq. O, namizədlərin turnirində əla oynamışdı. Onun uğurlu çıxışını bəxtə bağlamazdım. Əgər oyunu bacardığın qədər yaxşı aparırsansa, birincidə də olmasa da, ikincidə mütləq uğur qazanacaqsan”.

İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Heydər Əliyev Mərkəzində reallaşacaq yarışa  aprelin 28-də yekun vurulacaq. 

Azad Rəfi