Bu günə xəbərlərin oxunma sayı: 1243
— 04.04.2018 14:27

Gəncədə əməkdar məşqçi Elçin Zeynalovun 70 illik yubileyi qeyd olunub

KepezTV Player

Şəhər İcra Hakimiyyətində baş tutan tədbirdə idman ictimaiyyətinin nümayəndələri, ziyalılar, məşqçinin yaxınları və yetirmələri iştirak edib. Yığıncaqda çıxış edənlər yubilyarın Gəncədə güləşin inkişafında xüsusi xidmətlərinin olduğunu və onun dünya və Avropa, eləcə də Olimpiya çempionları yetişdirdiyini vurğulayıblar. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyev misal göstərilib. Elçin Zeynalovun məşqçilik karyerası ərzində ən böyük uğurunun isə yetirməsi Toğrul Əsgərovun 2012-ci il London Olimpiya Oyunlarında qızıl medal qazanması olduğu diqqətə çatdırılıb. Qocaman mütəxəssis özü də çıxış edərək ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Azərbaycanda idmanın inkişafı üçün daha böyük səylə çalışacağını söyləyib. Sonda yubilyara xatirə hədiyyələri təqdim edilib. Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

 

Orxan Cəfərzadə