Dövlət Filarmoniyasında baş tutan gecədə milli musiqimizin inkişafı və təbliğində böyük rolu olan sənətkarların ifasında xalq mahnıları, təsniflər və muğamlar dinlənilib.
Özünəməxsus ifaçılıq üslubuna sahib olan Arif Babayev Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən xalq artisti, 60 ilə yaxındır Bakıda yaşayıb yaradır. Lakin onu paytaxta aparan yol Gəncədən keçib.
Yubiley gecəsində Respublikanın Xalq artistləri Mənsur İbrahimov, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Şahnaz Haşımova, əməkdar artistlər Babək Niftəliyev, Təyyar Bayramov və Gülüstan Əliyeva tamaşaçıları muğamın sehrinə salıblar. Xalq artisti Arif Babayevin ifası isə muğamsevərlər üçün əsl ziyafət olub.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunan yubilyara üzərində Nizami Gəncəvinin əksi olan xalça hədiyyə olunub. Ömrünün 81-ci baharını yaşayan xalq artistinə tamaşı sevgisi gur alqışlardan da hiss olunub.
- Baxış: 728