• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1114
— 16.03.2018 14:07

Azərbaycanda tibb turizmi inkişaf edir

KepezTV Player

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönələn diqqət turizm sahəsindən də yan keçməyib. “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, ölkədə Turizm Şurasının fəaliyyətə başlaması turist axınını şərtləndirib, eləcə də sağlamlıq turizminə diqqəti artırıb.  

Azərbaycanda sağlamlıq turizmi daha çox Naftalan və Naxçıvanda özünü biruzə versə də istifadə olunan resurslar mövcud potensialın sadəcə bir hissəsidir. Bu istiqamətdə ciddi araşdırmaya ehtiyac var.

Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri: “Azərbaycanın elə suları var ki, elə təbii iqlim şəraitləri var ki, onların elmi cəhətdən potensialı müəyənləşdirilməlidir. Məsələn bizdə palçıq vulkanları var. Bu palçıq vulkanlarının daxilində olan maddələr, bəlkə də hansısa müalicəvi keyfiyyətə malikdirlər. Və ya hansısa dağ zolaqlarında, ya da ki, dəniz qıraqlarında çıxan bulaqların suyunun tərkibi özünə məxsusdur”.

Bununla belə Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə də Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələri var və bu ənənələrin qorunaraq təbliği istiqamətində müəyyən addımlar atılır.

Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri: “Naftalanın özünün beynəlxalq klassifikasiyası yox idi. Yalnız son bir il müddətində bizim nazirlik əməkdaşlarının, Səhiyyə Nazirliyinin, Elmi Araşdımalar Mərkəzinin səyləri nəticəsində biz Beynəlxalq ESPA şirkətinə müraciət etdik və onların sertifikatını almaq ərəfəsindəyik”.

Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onlarında 7 mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşıdır.

Yaqub Ali – BƏƏ vətəndaşı: “Mən ötən həftə Bakıya gəlmişdim. Orda olarkən Azərbaycanı gəzmək qərarına gəldim. İnternetdə bu ölkınin gəzməli-görməli yerləri, tarixi abidələri və təbii resursları barədə axtarış etdim. Qarşıma Naftalan nefti və burada aparılan müalicə prosedurları ilə bağlı məlumat çıxdı. Oxudum və yazılanları öz gözlərimlə görmək qərarına gəldim. Burdaya və düşünürəm ki, bu neft Tanrının sizin ölkəyə bəxş etdiyi bir hədiyyədir. Çox faydasını gördüm və əminəm ki, bura yenə gələcəm”.

İrina Ponomoryova – Rusiya vətəndaşı: “Mən uzun illər Sant-Peterburqda aptekdə işləmişəm. Bizə Naftalan nefti gətirirdilər və biz ondan dərman hazırlayırdıq. Yəni Naftalan neftinin nə olduğu barədə təsəvvürüm var idi, lakin burda mən tamam başqa bir şey gördüm. Buradakı müalicə çox unikaldır”.

 Miraslava Kaminskaya - Rusiya vətəndaşı: “Naftalana 4-cü dəfədir ki, gəlirəm. Sonuncə dəfə 2013-cü ildə gəlmişdim. Bu illər ərzində sağlamlıq turizminin bir az da inkişaf etdiyini gördüm. Məsələ indi daha əvvəl olmayan yeni müalicə prosedurları var və onların səviyyəsi də standartlara uyğundur”.

Ekspertlər ölkədə sağlamlıq turizminin inkişafının digər sahələrə təsirini də istisna etmirlər.

Cavid Süleymanlı – iqtisadçı-ekspert: “Bu həm qida sektoru ola bilər. Çünki ora gələn turistlərin qidalanması vacibdir. Alış-veriş etdikləri zaman müəyyən valyuta xərcləyirlər ki, bu da öz növbəsində iqtisadiyyata təsir edir. Eyni zamanda onların istifadə etdikləri transport və hərəkət etdiyikləri yol infrastrukturuna müsbət təsirləri ola bilər”.

Ölkə ərazisində turistlərə göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, yaxın şəhər və rayonlara ekskursiyaların həyata keçirilməsi turizm müəssisələrinə əlavə gəlir gətirməklə yanaşı, ölkəmizin mədəniyyətinin və tarixi məkanlarının təbliğinə də xidmət etmiş olar. Bu fikirlər Naftalanda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən iclasda səsləndirlib. Tədbirdə Turizm Şurasının Sağlamlıq turizmi üzrə İşçi qrupunun üzvləri və ölkənin sağlamlıq turizmi sektorunun nümayəndələri Azərbaycanın tibb-turizminin imkanları və beynəlxalq aləmdə tanıdılması ilə bağlı görülən işləri müzakirə ediblər.  

 

Gülnar Fazilqızı