• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 13.03.2018 13:51

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Salyan rayonunun Peyk kəndi ərazisində ağır qəza qeydə alınıb. Bakı şəhər sakini, 31 yaşlı Ruslan Şirəliyev in idarə etdiyi “VAZ” markalı avtomobil Salyanın Yolüstü kənd sakini, 35 yaşlı Pərviz Qaraxanovun idarə etdiyi “VAZ” markalı maşınla toqquşub. Ruslan Şirəliyev və onun 50 yaşlı anası Kəklik Şirəliyeva hadisə yerində dünyasını dəyişib. Həmin avtomobildə olan azyaşlı uşaq xəsarətsiz ötüşsə də başqa sərnişin, Bakı sakini 57 yaşlı Şərifə Kərimova və digər sürücü Pərviz Qaraxanov güclü bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə yerinə gələn FHN-nin xilasetmə qüvvələri  “VAZ" markalı avtomobildə sıxılıb qalmış ana və balanın cəsədini çıxararaq aidiyyati üzrə təhvil veriblər. İkin məlumata görə, hadisəyə səbəb sərt döngədə “VAZ-2107” markalı avtomobilin idarəetməni itirərək qarşıdakı maşına çırpılması olub.

Daha bir yol-nəqliyyat hadisəsi Şəkinin İnçə kəndi ərazisində olub. Qax rayonu, Baydarlı kənd sakini Elməddin Vəliyevin idarə etdiyi avtomobil körpüdən aşıb. Sürücü və avtomobildə olan 2 sərnişin 25 yaşlı Xəzər Əhmədli, 21 yaşlı Anar Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti göstərilir.

Tovuzda da xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.Hərəkətdə olan “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya çırpılıb. Qəza zamanı Köhnəqala kənd sakinləri, 28 yaşlı  Ayaz İdrisli və 27 yaşlı Nurlan Hümbətov xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktlarla bağlı araşdırma davam etdirilir.