Gəncə şəhər stadionunda “Kəpəz” futbol klubunun aşağı qrupları üzrə komandalarında və şəhərin idman məktəblərində çalışan məşqçilərlə görüş keçirilib. Klub rəhbərliyi ilə görüşə 20-yə yaxın mütəxəssis qatılıb.
Tədbirin keçirilməsində məqsəd Gəncənin uşaq futbolundakı mövcud vəziyyəti müzakirə etmək olub. Bu sahənin inkişafı istiqamətində görülə biləcək işlərdən bəhs edilib.
Klubun İdarə Heyətinin sədr müavini İslam Abbasov çıxışında “Kəpəz”ə yerli istedadlı, bacarıqlı uşaqları qazandırmağın vacibliyindən danışıb. Problemlərdən xəbərdar olduğunu söyləyən Abbasov çatışmazlıqların yavaş-yavaş aradan qaldırılacağını bildirib.
Futbol oynamağa Gəncədə başladığını xatırladan əsas komandanın baş məşqçisi Yunis Hüseynov isə yerli potensialı yaxşı bildiyini “Kəpəz”in həmişə gəncəli futbolçularla uğurlar qazandığını söyləyib. Təcrübəli mütəxəssis bu gün klubun əsas komandasında iki yerli oyunçunun olmasını xoş qarşılamadığını vurğulayıb.
Görüşdə çıxış edən məşqçilərdən Şahin Nəcəfi, İntiqam Səmədov və digərləri fikirlərini bölüşərək inkişaf üçün ilk növbədə müvafiq şəraitin vacib olduğunu vurğulayıblar.
Klubla idman məktəblərində çalışan məşqçilər arasında əlaqələrin vacibliyi vurğulanıb və bunun ümumi işə də müsbət təsir edəcəyi qeyd olunub.
Azad Rəfi
- Baxış: 1072