Cüdo üzrə paralimpiya millimiz Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə dönüb. Komandamız Qori şəhərində hazırlıq keçib.
Yığmanın heyətinə 14 idmançı daxil edilib ki, onlar arasında gəncəli paralimpiya çempionu Ramil Qasımov da yer alıb. İlin ilk beynəlxalq təlim-məşq toplanışı 1 həftə davam edib. Komandamızla yanaşı toplanışa bir neçə ölkənin tatami ustaları da qatılıb.
İdmançılarımız üçün bu il ən mötəbər yarış dünya çempionatı olacaq. Mundiala kimi isə yığma üzvləri bir neçə turnirdə qüvvəsini sınayacaq. Belə yarışlardan birincisi Türkiyədə keçiriləcək.
Paralimpiyaçı kimi Ramil Qasımov demək olar ki, mümkün olan bütün uğurlara imza atıb. Rio oyunlarının qalibi, dünya və Avropa çempionu olub. Həmçinin Bakıda reallaşan İslamiadanın qızıl medalını qazanıb.
Ramil Qasımov 2013-cü ilin sonlarından başlayaraq paralimpiyaçılar arasında çıxış edir. 37 yaşlı tatami ustası Gəncənin idman tarixində paralimpiya oyunlarının ilk və hələlik yeganə mükafatçısıdır.
Azad Rəfi
- Baxış: 747